Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ziyarət edilib
Mingəçevir, 26 iyun, Rauf Hacıyev, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) həmkarlar ittifaqı komitəsinin (HİK) üzvləri MDU-nun bir qrup əməkdaşını evlərində ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MDU əməkdaşlarından şəhid ailəsi üzvü olan Flora Namazova və Kamella Həsənova, eləcə də Qarabağ savaşı iştirakçıları olan ikinci qrup əlil Şahsuvar Heydərov və müharibə veteranı Mehman Baxışov ilə görüşən HİK üzvləri onları Silahlı Qüvvələr Günü münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.
Mövcud karantin dövrünün tələblərinə riayət edilməklə keçirilən görüşlərdə Azərbaycanın suverenliyi uğrunda həyatlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anınması diqqətə çatdırılıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan razılıq bildirilib.
Azərbaycan Silahlı Qüvvələrinin davamlı olaraq güclənməsinin vurğulandığı görüşlərdə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.
Ziyarət olunan MDU əməkdaşları göstərilən diqqətə görə təşəkkür ediblər.