Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasında 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən törədilmiş insanlığa qarşı ən qəddar və amansız Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qarabağ Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi kimi iz buraxmış Xocalı faciəsinin erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayət olduğunu vurğulayıb.
Sonra Qarabağ Araşdırmalar Mərkəzinin direktoru dosent Elçin Əhmədov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımının dəhşətləri barədə danışıb.
Tədbir Xocalı faciəsinə həsr olunan “Məhv edilmiş şəhər” sənədli filminin nümayişi ilə sona çatıb.