Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim heyəti Daşkənddə seminar-təlimlər keçiriblər
Daşkənd, 27 aprel AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının professor-müəllim heyəti tərəfindən Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında (ÖSQHA) seminar-təlimlər (treninqlər) keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təkcə ÖSQHA-nın deyil, ölkənin bütün güc strukturlarının - Özbəkistan Ali Hərbi Gömrük İnstitutunun, Daxili İşlər Nazirliyinin Akademiyasının və Daşkənd Ali Hərbi-Texniki Məktəbinin, Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbinin, Daşkənd Ali Tank Komandirlər Məktəbinin professor-müəllim heyəti iştirak edib.
Seminar-təlimlər iki ölkənin müdafiə nazirlərinin imzaladıqları hərbi əməkdaşlıq planı çərçivəsində təşkil olunub.
Ötən ilin noyabrında Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Azərbaycandan Daşkəndə gələn professor-müəllim heyətinin rəhbəri, general-mayor Vaqif Məmmədov, professorlar Tahirə Allahyarova, Aqil Şahmuradov və Heydər Cəfərov hərb elminin və hərbi təhsilin müasir problemlərinə dair mühazirələrlə çıxış ediblər.
Mühazirələr Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin hərb elminin və hərbi təhsilin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb, sual-cavab formatında təqdimat keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 2018-ci ildə 100 illik yubileyini qeyd edəcək ÖSQHA-da elmi və tədris fəaliyyətinin təşkili ilə yaxından tanış olublar.
Seminar-təlimlərin sonuncu günündə ÖSQHA-nın rəhbərliyi azərbaycanlı həmkarlarına faydalı təlimlərə görə təşəkkürlərini bildirib, onlara xatirə nişanları təqdim edib.
Hərbi Akademiyaların professor-müəllim heyəti, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq əlaqələrinin hazırkı mərhələsində hərbi-elmi işbirliyi sahəsində münasibətlərin yaxın gələcəkdə daha da intensivləşdirilməsi istiqamətində addımların atılacağına əmin olduqlarını bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd