Şirvan şəhərinin küçə və parklarında növbəti dəfə dezinfeksiya işləri aparılıb
Şirvan, 27 may, Mahir Babyev, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhərində dezinfeksiya işləri və qabaqlayıcı tibbi tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədi ilə Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulub. Heydər Əliyev, Nəriman Nərimanov, Səməd Vurğun parklarında, İstiqlaliyyət və M.Ə.Rəsulzadə prospektləri boyunca yerləşən park və xiyabanlarda dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Şirvan şəhərində koronavirus infeksiyasına qarşı profilaktiki tədbirlər çərçivəsində dezinfeksiya işləri həftədə iki dəfə həyata keçirilir.