Şirvan şəhərinin nümayəndə heyəti Manisa şəhərinin qurtuluşuna həsr olunan tədbirlərdə iştirak edib
Şirvan, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Türkiyədə səfərdə olan Şirvan şəhərinin nümayəndə heyəti Manisa şəhərinin qurtuluşunun 101-ci ildönümünə həsr edilən tədbirlərdə iştirak edib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Cengiz Ergünlə görüşüb, şəhərin qurtuluşuna həsr olunan konsert proqramına qatılıb. Şirvan şəhərinin nümayəndə heyəti qardaş ölkədə bayram yürüşünə qoşulub.
Həmçinin iki ölkənin qardaşlıq simvollarını özündə birləşdirən tablolar tərəflər arasında xatirə hədiyyəsi kimi təqdim olunub.