SİYASƏT
Siyasi şərhçi: Azərbaycan-İtaliya münasibətləri müstəqillik dövründə yalnız yüksələn xətt üzrə inkişaf edib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan ilə İtaliya arasında münasibətlər müstəqillik dövründə yalnız yüksələn xətt üzrə inkişaf edib. Ümumiyyətlə, Avropa İttifaqının ən güclü üzv dövlətlərindən biri olaraq İtaliya həmişə Azərbaycana yaxınlığı ilə fərqlənib. İstər dövlət rəhbərləri, istər parlamentarilər səviyyəsində, istərsə də iqtisadi münasibətlər məsələsində İtaliyanın ölkəmizə münasibəti fərqlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrət bildirib ki, bütün bunlarla yanaşı, özünün iqtisadi, dünya siyasətinə təsir gücünə, xüsusilə Avropa İttifaqı çərçivəsində imkanlarına görə İtaliya ilə Azərbaycanın münasibətləri təqdirəlayiqdir. Ümumilikdə götürsək, İtaliya bir çox məsələlərdə həm də Azərbaycanın Avropa İttifaqı çərçivəsində maraqlarının dəstəkçisi kimi çıxış edir. Yəni, İtaliya öz təsir imkanlarından istifadə edərək Azərbaycanla bağlı məsələlərin daha üst səviyyəyə çıxarılmasına əlavə dəstək verir. Bundan başqa, İtaliya və Azərbaycan münasibətlərin qarşılıqlı şəkildə daha da dərinləşməsində, möhkəmlənməsində maraqlı olduğunu hər dəfə, hər yerdə nümayiş etdirirlər. Bu baxımdan Azərbaycanla İtaliya arasındakı əlaqələri nümunəvi münasibətlər kimi qiymətləndirə bilərik.
“Münasibətlərin bu cür formalaşmasında sözsüz ki, Prezident İlham Əliyevin rolu danılmazdır. Məhz onun liderlik xüsusiyyətləri, xarici ölkə rəhbərləri ilə səmərəli müzakirələri yüksək səviyyədə təşkil etməsi nəticəsində İtaliya kimi bir tərəfdaş qazanmışıq. Əlbəttə ki, bundan sonrakı mərhələdə Avropa İttifaqının ən böyük dövlətlərindən biri olaraq İtaliya Azərbaycanla münasibətləri məhz belə davam etdirəcək. Azərbaycanın özü də bunda maraqlıdır, xüsusilə də İtaliyanın geniş iqtisadi, eləcə də siyasi təsir imkanları baxımından. Eyni zamanda, İtaliyanın özü də Azərbaycanla münasibətlərinin inkişafına böyük maraq göstərir”, - deyə siyasi şərhçi qeyd edib.