Siyasi şərhçi: WUF13 Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunu göstərir
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq dördüncü gündür ki, qlobal diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhərsalma mütəxəssislərinin, investorların və urbanizasiya sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə keçirilən WUF13 həm diplomatik, həm də strateji baxımdan mühüm platformaya çevrilib. Sessiyanın məhz Bakıda təşkili Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarının və artan qlobal rolunun növbəti göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, WUF platforması təkcə şəhərsalma məsələlərinin müzakirə olunduğu tədbir deyil. Bu, eyni zamanda, şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları, rəqəmsallaşma, sosial inklüzivlik və təhlükəsizlik kimi qlobal gündəliyin əsas mövzularını bir araya gətirən beynəlxalq dialoq məkanıdır. Hazırkı mərhələdə urbanizasiya artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də siyasi, iqtisadi və sosial təhlükəsizlik faktorlarından biri hesab olunur. Bu baxımdan 13-cü Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın regional və beynəlxalq proseslərdə fəal aktora çevrildiyini göstərir.
“WUF13 çərçivəsində keçirilən sessiyalar və panel müzakirələri göstərir ki, dünya artıq “gələcəyin şəhərləri” modelinə keçid mərhələsindədir. İqlim dəyişiklikləri, miqrasiya axınları, enerji səmərəliliyi və “ağıllı şəhər” texnologiyaları bu keçidin əsas istiqamətləri kimi ön plana çıxır. Azərbaycanın da xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri tədbir iştirakçılarının diqqət mərkəzində olan məsələlərdən biridir.
Bakının WUF13 müddətində nümayiş etdirdiyi təşkilati hazırlıq və təhlükəsizlik səviyyəsi də ayrıca diqqət çəkir. Minlərlə xarici qonağın iştirak etdiyi tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın böyükmiqyaslı beynəlxalq platformaları idarə etmək təcrübəsini bir daha nümayiş etdirir. Son illərdə COP29, beynəlxalq enerji forumları, Qoşulmama Hərəkatı tədbirləri və digər qlobal platformalarda əldə olunan təcrübə burada da özünü göstərir.
WUF13-ün gündəliyində humanitar və sosial məsələlərin də xüsusi yer tutması diqqət çəkir. Şəhərlərdə sosial bərabərlik, inklüziv mühitin yaradılması, insanların həyat keyfiyyətinin yüksəldilməsi və ekoloji balansın qorunması kimi mövzular müasir dövrün əsas çağırışları sırasındadır. Bu məsələlərin Bakıda geniş beynəlxalq müzakirəyə çıxarılması Azərbaycanın qlobal problemlərin həllinə dair platformalarda fəal iştirakını nümayiş etdirir”, - deyə siyasi şərhçi vurğulayıb.