Siyəzəndə nasos stansiyaları və su anbarları təmir olunur
Bakı, 4 aprel, AZƏRTAC
Siyəzən rayon əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunur. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, işlər Agentliyin tabeliyində olan Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən həyata keçirilir. İçməli su sahəsi üzrə 8632 abonentə xidmət göstərilir ki, bunun da 8302 abonenti əhali, 330 abonenti isə qeyri əhalidir. Ötən il ərzində mənbədən 2563875 kub metr içməli su götürülüb və götürülən suyun 1930792 kub metri su istehlakçılarına verilib. Rayonda içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə baş verən bütün qəzalar idarənin qəza bərpa briqadası tərəfindən aradan qaldırılır. Bu istiqamətdə 425 içməli su, 650-si isə kanalizasiya şəbəkəsi olmaqla cari təmir işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam edir.
Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi meliorasiya sahəsi üzrə 2032 abonent olmaqla 12137 hektar suvarılan əraziyə xidmət göstərir. Bunun üçün idarənin balansında 247 kilometrə yaxın açıq suvarma kanalı mövcuddur ki, ondan 222 kilometri torpaq məcralı, 24 kilometri beton üzlüklüdür. Balansda 3 kilometrdən artıq boru, 199 kilometr qapalı şəbəkə, 147 kilometr kollektor-drenaj şəbəkəsi mövcuddur. 2025-ci il üzrə idarənin qarşıya qoyduğu vəzifələr olaraq torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Bununla yanaşı, idarə sel və daşqınlara qarşı da tədbirlərini davam etdirir. Rayon ərazisindən axan çay məcralarının ekskavator və buldozerlərlə tənzimlənməsi mütəmadi olaraq aparılır.
Cari il ərzində Siyəzən rayonunda 5771 hektar kənd təsərrüfatı bitkiləri əkilib ki, bundan 2600 hektarı taxıl, 1699 hektarı biçənək, 292 hektarı yonca, 85 hektarı tərəvəz-bostan, 13 hektarı dən üçün qarğıdalı, 785 hektarı bağ-meşə və 296 hektarı həyətyanı sahələrdir. Ümumilikdə 12552 hektar sahə suvarılıb və əkin sahələrinin orta suvarılma sayı 2,2 dəfə olub.