Soltan Məmmədov: Britaniya Azərbaycanın 5 əsas prinsipə əsaslanan sülh strategiyasını dəstəkləyir
Ağdam, 6 aprel, A.Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisi müharibədən sonra ölkəmizin regionda təqdim etdiyi sülh strategiyasına, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın atdığı addımlarda parlament siyasətinə böyük önəm verir. Müxtəlif ölkələrin parlament dostluq qrupları arasında Azərbaycanın mövqeyinin, sülh siyasətinin təbliğ olunması və bu istiqamətdə Azərbaycana dost ölkələrin dəstəyi də bizim üçün xüsusilə önəmlidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə britaniyalı parlamentarilərlə birlikdə Ağdama səfər edən Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Azərbaycanın mövqeyinin Böyük Britaniya parlamenti tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edən Soltan Məmmədov bildirib ki, Britaniya Azərbaycanın yürütdüyü və sülh sazişinin imzalanması üçün 5 əsas prinsipə əsaslanan sülh strategiyasını dəstəkləyir.
“Britaniya parlamentinin nümayəndə heyəti Ağdamda dağıdıcı siyasətin izlərini öz gözləri ilə gördülər. Həmçinin burada həyata keçirilən bərpa-quruculuq işlərinin şahidi oldular. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına əsas maneə mina problemidir. Qonaqlar Ağdamda mina təmizlənməsi prosesi ilə də yaxından tanış oldular”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən Böyük Britaniya minatəmizləmə prosesində də ölkəmizə yaxından kömək edir.