SON MƏNZİLƏ
Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin adından, habelə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Kinematoqrafçılar İttifaqı, Akademik Milli Dram Teatrı adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Tanınmış mədəniyyət, səhnə və kino xadimləri, ziyalılar, mərhumun yaradıcılığının pərəstişkarları cənazənin yanında fəxri qarovulda dayanır, milli teatr sənətinin görkəmli nümayəndəsinə öz ehtiramlarını bildirirdilər.
Matəm mərasimini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, Lütfi Məmmədbəyovun milli aktyorluq məktəbi ənənələrini ləyaqətlə davam etdirməsindən, yaratdığı parlaq və dolğun obrazlarla teatr sənətimizi zənginləşdirməsindən danışdı, Azərbaycan Prezidenti İlham Əliyevin adından mərhumun ailəsinə başsağlığı verdi.
Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, xalq artisti Azər Paşa Neymətov, Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev, rejissor, xalq artisti Mərahim Fərzəlibəyov, xalq artistləri Əminə Yusifqızı və Bəsti Cəfərova mərasimdə çıxış etdilər.
Natiqlər vurğuladılar ki, mərhum sənətkar rejissor kimi həmişə klassik teatr sənəti ideallarına sadiq qalmışdır. Onun teatrla yanaşı, Azərbaycan televiziyasında da quruluş verdiyi tamaşa və televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb etmişdir.
Qeyd olundu ki, “Şöhrət” ordenli Lütfi Məmmədbəyov uzun illər rəhbərlik etdiyi Xalq teatrında gənclərin bu mürəkkəb sənətin incəliklərini dərindən mənimsəmələri üçün böyük əmək sərf etmişdir. O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi də səmərəli pedaqoji fəaliyyət göstərmişdir.
Aktyorun kürəkəni Kamil Əliyev mərasimdə çıxış edərək, Lütfi Məmmədbəyovun yaradıcılığına verdiyi yüksək qiymətə, xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Prezident İlham Əliyevə mərhumun ailəsi adından dərin minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Akademik Milli Dram Teatrının binasından qaldırılaraq qəbiristanlığa gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Böyük sənətkar, qayğıkeş müəllim və təvazökar insan kimi işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq Lütfi Məmmədbəyovun cənazəsi doğma torpağa tapşırıldı.
Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin!