“SOSİAL QANUNVERİCİLİK: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Parlament sədrinin müavini Bahar Muradova konfransı açaraq sosial sahənin cəmiyyətin həyatı üçün əhəmiyyətini vurğulamışdır. O demişdir ki, bu baxımdan sosial sahəyə aid qanunvericilik bazasının da zaman-zaman təkmilləşdirilməsi, yeni dövrün şərtlərinə uyğunlaşdırılması çox vacibdir. Ona görə bu cür tədbirlər yeni təşəbbüslərin, ideyaların ortaya çıxması baxımından faydalıdır və belə konfranslar gələcəkdə də keçiriləcəkdir.
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov qanunvericilikdəki boşluqlar üzündən yaradıcı sahələrdə bir sıra problemlərin özünü göstərdiyini bildirmiş, yaradıcı təşkilatlar haqqında ayrı-ayrılıqda qanun layihələrinin qəbulunun zəruriliyini vurğulamışdır.
Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev Azərbaycanın yeni təhsil qanunvericiliyində müasirliklə klassik ənənələrin uzlaşdırılmasının vacibliyini bildirmiş, sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli sosial sahəyə dair bir sıra qanunların qəbuluna ehtiyac olduğunu söyləmişdir.
Təhsil naziri Misir Mərdanov payızda birinci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilən “Təhsil haqqında” yeni qanun layihəsindən danışaraq demişdir ki, bu qanunun əsas amalı təhsilin əhəmiyyətini cəmiyyətə göstərmək olmalıdır. Yeni qanun çərçivə qanunu kimi nəzərdə tutulduğundan, təhsil sahəsinə dair bütün məsələlərin burada öz əksini tapacağını düşünmək düzgün olmazdı. Onun ardınca təhsillə bağlı digər qanunlar da qəbul ediləcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əsas diqqəti gender və təhsil problemlərinə, uşaqların sosial müdafiəsi məsələlərinə yetirmişdir. Gənclər və idman naziri Azad Rəhimov isə gənclərlə bağlı bir sıra qanunvericilik sənədlərinin qəbul olunmasını təklif etmişdir. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov son illər vətəndaşların sosial müdafiəsi istiqamətində görülmüş işlərdən danışmış, əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov istehsalatda baş verən bədbəxt hadisələrdən bəhs etmiş, belə halların baş verməməsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün yeni qanunların qəbuluna ehtiyac olduğunu vurğulamışdır.
Sonra ombudsman Elmira Süleymanova, maliyyə nazirliyinin şöbə müdiri Xəqani Rzayev, səhiyyə nazirinin müavini Sənan Kərimov, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi müdirinin müavini İlqar Qurbanov və başqaları bir sıra sahələrə xüsusi diqqət yetirilməsinin, əlillər, şəhid ailələri və əhalinin digər aztəminatlı təbəqəsinin sosial müdafiəsi ilə bağlı qanunlardakı boşluqların aradan qaldırılmasının, yeni qanunların qəbulu zamanı ölkənin maliyyə imkanlarının nəzərə alınmasının vacibliyini söyləmişlər.
B.Muradova konfransa yekun vuraraq səslənən bütün təkliflərin diqqətlə öyrəniləcəyini və gələcəkdə nəzərə alınacağını bildirmişdir.