Sosial sorğu: Respondentlərin əksəriyyəti İran müharibəsində Fransanın hərbi müdaxiləsinə qarşıdır
Paris, 5 mart, AZƏRTAC
Fransada keçirilən sosial sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının əksəriyyəti İran müharibəsində Fransanın hərbi müdaxiləsinə qarşı çıxır.
AZƏRTAC xəbər verir ki, Elabe iqtisadi tədqiqatlar və sorğu institutunun açıqladığı nəticələrə əsasən, sorğuda iştirak edənlərin 56%-i Fransa hökumətinin İranda birbaşa hərbi müdaxiləsinə qarşı olduqlarını bildirib. Yalnız 5%-i Fransa ordusunun birbaşa müdaxiləsini dəstəkləyib.
Buna qarşılıq olaraq, respondentlərin 38%-i Fransa və ya digər Avropa ölkələrinin Yaxın Şərqdəki hərbi bazalarını təhdid edən İran obyektlərinə qarşı müdafiə xarakterli hədəfli zərbələri dəstəklədiklərini bildirib.
Prezident Emmanuel Makron Fransanın hava məkanını qorumaq üçün “özünümüdafiə” çərçivəsində İran dronlarını vurduqlarını açıqlayıb. Eyni zamanda, dövlət başçısı “Charles de Gaulle” gəmisinin Şərqi Aralıq dənizi bölgəsində yerləşdiriləcəyini bildirib. Bu addım ictimaiyyətdə mübahisələrə səbəb olub: respondentlərin 51%-i qərarı mənfi qiymətləndirərək ordunu lazımsız riskə atmaq hesab edir, 48%-i isə addımın regionda Fransanın maraqlarını müdafiə etmək baxımından əsaslı olduğunu bildirir.
Sorğunun nəticələrinə görə, hər on fransızdan doqquzu müharibənin ölkədə yaratdığı təhlükələrdən narahatdır. Həmçinin, respondentlərin 76%-i müharibənin Fransada terrorizm riskini artırdığına inanır.