SOYDAŞIMIZ RUSİYA AKADEMİYASININ QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR
Sabir Həbibov ömrünün 55 ilinin 23 ilini Rusiya təbabətinə həsr etmişdir. Moskvanın tibb dairələrində o, venaların varikoz genişlənməsinin müalicəsi üçün adi bir xəstəxanada endoskopik əməliyyat aparmış həkim kimi tanınmışdır. İndi belə əməliyyatları ölkənin bölgələrində də aparırlar. Bu ildən S.Həbibov piylənmənin müalicəsində cərrahi yolla yeni metodikanı - piylənmə zamanı mədənin bandajlanması üsulunu tətbiq etməyə başlamışdır. O, artıq üç uğurlu əməliyyat aparmışdır.
Sabir Həbibov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, xəstələrə yardım göstərmək hər bir həkimin müqəddəs borcudur, lakin öz işinin bəhrələrini və çoxillik fəaliyyətinin qiymətləndirilməsini görmək də olduqca xoşdur. “Mən tez-tez Amerikaya və Avropaya gedirəm, ən yeni tibb texnologiyalarını öyrənmək üçün Qərbin məşhur klinikalarında görkəmli mütəxəssislərdən dərs alıram. Ən böyük arzum həmvətənlərimizə, Azərbaycanın gənc tibb işçilərinə ölkəmizdə də belə müasir əməliyyatları aparmağı öyrətməkdir. Mən öz təcrübəmi həkimlərimizlə bölüşməyə, Azərbaycan klinikalarında da ustad dərsləri keçməyə həmişə hazıram”.