QAN YADDAŞI
Soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Mərasimdə bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən 1998-ci ildən etibarən martın 31-i hər il dövlət səviyyəsində qeyd olunur. Çıxışçılar ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdikləri cinayətlərdən danışmış, 1918-ci ildə qətlə yetirilənlərin məqsədli şəkildə etnik təmizləmə siyasətinin qurbanı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdir. Tarixi faktlara əsaslanan çıxışlarda martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələrinin Bakıda minlərlə insanı qətlə yetirməsi, Bakı əhalisinin 400 milyon manatlıq əmlakının müsadirə olunması vurğulanmışdır. Mərasimdə erməni daşnakları və onları dəstəkləyən qüvvələrin Şamaxı, Quba, Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda da on minlərlə insanı vəhşicəsinə qətlə yetirdikləri diqqətə çatdırılmışdır.