STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
WİPO-da görüş zamanı Bakıda müvafiq Tədris Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti, SMPDA-nın müvafiq bölməsində avtomatlaşdırılmış axtarış sisteminin tam quraşdırılması və istismarı, eləcə də əqli mülkiyyət, o cümlədən patent, sənaye mülkiyyəti, müəllif hüquqları və digər müvafiq sahələrdə mütəxəssislərin Cenevrədə və Bakıda keçiriləcək təlimlərdə iştiraklarının təmin edilməsində WİPO tərəfindən Azərbaycana yardımların göstərilməsi razılaşdırılmış, habelə bu qurum ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
İSO rəhbərliyi ilə danışıqlar zamanı isə standartlaşdırma və metrologiya sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilmişdir. İsveçrə hökumətinin nümayəndələri ilə görüşdə standartlaşdırma və patent sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmiş, təcrübə mübadiləsi aparılmasının vacibliyi qeyd olunmuş, Azərbaycan mütəxəssislərinin İsveçrədə təlimlərdə iştirakının təmin olunması qərara alınmış, fəaliyyətin digər istiqamətlərinin məsləhətləşmələr yolu ilə müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Görüşlərdə Azərbaycan respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Elçin Əmirbəyov iştirak etmişdir.