İDMAN
Stella: Bakı yarışına yanaşmamızı üç mövzu müəyyən edir
Bakı, 13 sentyabr, AZƏRTAC
“McLaren” mövsümün bu mərhələsində rəqiblərindən daha inamlı görünür və Lando Norris artıq titula namizəd sayıla bilər. Britaniya komandası bu sürətlə xal qazanmağa davam edərsə, tezliklə konstruktorlar kubokunda “Red Bull Racing”i qabaqlaya bilər.
AZƏRTAC xəbər verir ki, bu vəziyyətdə “McLaren” məhz Norrisə ümid edəcək. Lakin komandanın rəhbəri Andrea Stella aydın şəkildə bildirib ki, bununla belə onlar düzgün hərəkət etmək və əsas idman prinsiplərini pozmamaq istəyirlər.
"Biz ilk növbədə Landonu dəstəkləyəcəyik, lakin bunun bizim prinsiplərimizə çox da zidd olmamasını istəyirik. Bu prinsiplər ondan ibarətdir ki, komandanın maraqları həmişə birinci yerdədir. Eyni zamanda, biz hər iki yarışçıya münasibətin ədalətli olmasını istəyirik ", - deyə Stella “BBC Sport”a müsahibəsində deyib.
“Lakin biz Monzada startdan sonra ilk döngələrdə gördüyümüz vəziyyətin təkrarlanmasını istəmirik, çünki bu, komandanın maraqlarına xələl gətirir. Onlar birinci yerdə olmalıdır, ona görə də ilk növbədə belə halları aydınlaşdırmaq lazımdır. Əslində biz Monzada yarışa başlayanda bunun baş vermə ehtimalı var idi.
Monzadan sonra qarşımıza üç vəzifə qoymuduq: birincisi, trasda nə baş verdiyindən asılı olmayaraq, bu, komandanın maraqlarına xələl gətirməməlidir. İkincisi, hər iki çempionatda qələbə üçün necə mübarizə aparacağımıza qərar verməliyik. Üçüncü, hər iki pilot komandaya kömək etməyə hazırdır, amma biz nəyin bahasına olursa olsun qalib gəlmək istəmirik.
Bu üç mövzu bizim Bakıdakı yarışa yanaşmamızı müəyyən edir, biz bundan sonra düzəlişlər edəcəyik. Pilotlarımızla söhbət edəndə hər ikisi tam anlayış və əməkdaşlıq etmək istəyini nümayiş etdirdi.
Hətta Oskardan qələbə üçün döyüşmək fürsətindən imtina etməyə hazır olub-olmadığını soruşduqda o, belə cavab verdi: “Bu ürəkaçan hal deyil, lakin əgər indi məhz bu cür hərəkət etmək lazımdırsa, mən bu addımı atacağam”.
Hər bir yarışçı həqiqətən də qələbəni hədəfləyib. Ona görə də onların indi nümayiş etdirdiyi idman ruhunun, yetkinliyin və əməkdaşlığa hazırlıq səviyyəsindən çox təsirlənirəm”.
Stella, Norrisə necə kömək etmək niyyətində olduqlarını açmaqdan imtina etdi, yalnız qeyd etdi ki, qərarlar "vəziyyətdən asılı olaraq" veriləcək və lazım olmadıqca komanda yarışçıların münasibətlərinə müdaxilə etməyəcək” - deyə McLaren komandasının rəhbəri əlavə edib.
Azərbaycan Qran Prisindən əvvəl Lando Norris fərdi sıralamada Maks Ferstappendən 62 xal geri qalır, lakin konstruktorlar kubokunda “Red Bull Racing” və “McLaren” arasında cəmi 8 xal var.