STRASBURQDA AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Strasburq, 1 mart (AZƏRTAC). Strasburqdakı “Azərbaycan evi”ndə Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Fransada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri - Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Əkrəm Abdullayev, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla görüş keçirilmişdir.
Fransa ictimaiyyəti nümayəndələrinin, Strasburq və ətraf şəhərlərdə yaşayan soydaşlarımızın, tələbələrimizin iştirak etdiyi görüşdə çıxış edənlər Xocalı faciəsinin və bütövlükdə Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, o cümlədən erməni lobbisinin güclü olduğu Fransa kimi ölkədə təbliğində və yerli sakinlərə çatdırılmasında Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilmişdir. Diaspor təşkilatlarımızın formalaşması və güclənməsi ilə bağlı ulu öndər Heydər Əliyevin başladığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və dövlətimizin başçısı tərəfindən diaspora daim qayğı göstərildiyi xüsusi qeyd edilmişdir.
Çıxışlarda Azərbaycanın gündən-günə artan nüfuzuna beynəlxalq aləmdə kölgə salmağa çalışan, xalqımıza qarşı böhtanlar yağdırmaq məqsədi ilə dəridən-qabıqdan çıxan ermənilərin informasiya blokadasının qarşısnı almaqda Azərbaycan diasporunun üzərinə düşən vəzifələrə toxunulmuş, ölkəmizin iqtisadi inkişafının xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının da nüfuzuna müsbət təsir göstərdiyi bildirilmişdir.
Çıxışlarda diaspor ilə yerli qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinin, diaspor təşkilatlarının Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri barədə kitab, broşür və digər vasitələrlə lazımi səviyyədə təmin edilməsinin vacibliyi vurğulanmışdır.
Sonda Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə “Azərbaycan evi” arasında əməkdaşlığa dair protokol imzalamışdır.
Sənəddə Azərbaycan həqiqətlərinin Fransada geniş yayılması istiqamətində hər iki qurumun birlikdə görəcəyi işlər öz əksini tapmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris