STRASBURQDA “DİPLOMATİYADA QADINLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Baş idarənin media, bərabərlik və milli azlıqlar üzrə bölməsinin rəhbəri Hanno Hartiq və AŞ baş katibinin müavini xanım Mod de Bor - Bukikio seminarı açaraq iştirakçıları salamlamışlar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, seminarda «Qadınların diplomatiyada iştirakı və imkanlar bərabərliyi», «Qadın diplomatların cinslər arasındakı bərabərliyi həyata keçirməkdə töhfələri», «Diplomatiyada qadın və kişi bərabərliyinə kompleks yanaşma strategiyasının həyata keçirilməsi», «Qadın diplomatlar və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq» mövzularında məruzələr dinlənilmişdir.
Mövzular ətrafında müzakirələrə qatılmış Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova «Qadın diplomatların münaqişələrin qarşısının alınması və həllində rolu» mövzusunda çıxış etmişdir. Səfir ölkəmizdə qadının rolu və statusu barədə qısa tarixi arayış vermiş, müstəqillik əldə etdikdən sonra respublikamızda qadınların hüquqları, dövlət orqanlarında, siyasi partiyalarda, diplomatiya sahəsində, iqtisadi və sosial həyatda rolundan, rəhbər vəzifələrdə kişilərlə bərabər iştirakından danışmış, dövlət tərəfindən bu istiqamətdə görülən işlərə toxunmuş, ümummilli liderimiz prezident Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət qadın siyasətinin əsas müddəaları barədə ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs edən səfir qonşu dövlət tərəfindən ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğunu, çadır şəhərciklərində ağır şəraitdə yaşamağa məcbur olmuş insanların, xüsusilə qadınların acınacaqlı vəziyyətini xüsusi vurğulamışdır. Eyni zamanda, buna baxmayaraq azərbaycanlı qadınların istər ölkəmizdə, istərsə də beynəlxalq səviyyələrdə münaqişənin sülh yolu ilə həllində inamlı addımlar atmalarını, onun səbəbləri və nəticələri barədə hərtərəfli informasiya ilə çıxış etmələrini ön plana çəkmişdir.
Sonra E.Hüseynova beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Qadınlar üçün İnkişaf Fondunun ( UNİFEM ) regionda fəaliyyəti, onun «Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda» layihəsinin həyata keçirilməsi haqqında ətraflı məlumat vermişdir. O, çıxışının sonunda YUNESKO tərəfindən hazırlanaraq həyata keçirilən «Sülh mədəniyyəti» proqramı çərçivəsində qadınların xüsusi rolunun əsas müddəalarından söhbət açmışdır.
Azərbaycanlı diplomatın çıxışı ciddi maraq doğurmuş və geniş müzakirəyə səbəb olmuşdur.
Seminarın sonunda mövzular ətrafında fikir mübadiləsi aparılmış, diplomat qadınların potensial imkanlarını nəzərə alaraq, onların sülh danışıqları prosesində daha fəal iştirakını təmin etmək, bu proseslərlə bağlı qərarların qəbul olunmasında qadınların rolunun yüksəldilməsi kimi tövsiyələr verilmişdir.