Strasburqda Xocalı soyqırımının qurbanları anılıb
Strasburq, 27 fevral, AZƏRTAC
Strasburqda Azərbaycanın Avropa Şurası yanındakı daimi Nümayəndəliyi tərəfindən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin tarixi “Motsart ” konsert salonunda keçirilən anım tədbirində Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalının günahsız qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı soyqırımı barədə faktları xatırladıb və bu faciənin müasir Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olduğunu qeyd edib. Diplomat dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu vurğulayıb. O, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının yaradıldığını diqqətə çatdıraraq, fevralın 26-da baş tutan açılış mərasimində Prezidenti İlham Əliyevin söylədiyi fikirlərdən sitat gətirib və Memorialın silinməz yaddaşımızın təcəssümü olacağını və Azərbaycan xalqının Xocalı soyqırımını heç vaxt unutmayacağını bildirib.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkəmizin artıq sülh içində yaşamağa başladığını qeyd edən daimi nümayəndə Azərbaycan xalqının Xocalı qurbanları üçün ədalətin tam təmin olunmasını gözlədiyini vurğulayıb.
Anım tədbiri Sesim Bezdüzün (skripka) və Karlo Layın (violonçel) müşayiəti ilə istedadlı pianoçu Nərmin Nəcəflinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı ilə davam edib.