“Sumqayıt” futbol klubunun “Yay futbol düşərgəsi – 2019” layihəsinin birinci mərhələsinə yekun vurulub
Sumqayıt, 20 iyun, AZƏRTAC
“Sumqayıt” futbol klubunun “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Təhsil Şöbəsi və “Azərikimya” İstehsalat Birliyinin dəstəyi ilə bu şəhərin məktəbliləri üçün təşkil etdiyi “Yay futbol düşərgəsi - 2019”un birinci mərhələsi başa çatıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk qrupun sonuncu günündə bütün iştirakçılar mükafatlandırılıb.
“Kapital Bank Arena”nın konfrans zalında keçirilən mərasimdə “Sumqayıt” futbol klubunun vitse-prezidenti Vaqif Ömərov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranı Telman Salahov və futbolçu Rail Məlikov və valideynlər iştirak ediblər.
Layihənin birinci mərhələsinin yekunu ilə əlaqədar iştirakçılara “Sumqayıt” futbol klubunun idman geyimləri, sponsorların xüsusi hədiyyələri və diplomlar təqdim edilib.
Layihənin birinci mərhələsinin iştirakçıları mərasimdən əvvəl Heydər Əliyev Mərkəzində olublar. Burada onlara ümummilli liderimiz Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Sonra Şahmat Məktəbində bu qədim oyunun qaydaları haqqında məlumat verilib, uşaqlar arasında yarış keçirilib.
Daha sonra Bayraq Muzeyində olan uşaqlara tarixən Azərbaycan ərazisində mövcud olmuş ölkələrin bayraqları, pul vahidləri və “Heydər Əliyev” ordeni barədə məlumat verilib.
Layihədə ümumilikdə 48 məktəbdən 100-dən artıq məktəbli iştirak edib. “Kapital Bank” və “Paşa Həyat Sığorta”nın sponsorluğu ilə 2014-cü ildən həyata keçirilən layihədə 500-dən çox məktəbli iştirak edib.