SUMQAYIT NƏQLİYYAT DEPARTAMENTİNİN FƏALİYYƏT PERSPEKTİVLƏRİ
Görüş iştirakçıları, əvvəlcə, departamentin gözəl təmir olunmuş, müasir mebellə və texniki avadanlıqla təchiz edilmiş ikimərtəbəli ofisinə baxmışlar.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev görüşdə çıxış edərək bildirmişdir ki, 2003-cü ilin iyulunda yaradılmış departament Sumqayıtın nəqliyyat xidməti prosesini sistemləşdirməyə imkan vermişdir. Qısa müddətdə şəhərdaxili marşrutların fəaliyyətində qayda-qanun yaradılmışdır. Dövlət yol polisi ilə uğurlu əməkdaşlıq texniki cəhətdən nasaz avtonəqliyyat vasitələrini aşkar edərək, onların reysə çıxarılmasının qarşısını almağa, sərnişin daşımaları sahəsində təcrübəsi olmayan sürücüləri işdən kənarlaşdırmağa imkan vermişdir. Şəhər avtomagistrallarının xeyli hissəsi təmir olunub asfalt döşənmiş, dayanacaqlarda pavilyonlar quraşdırılmışdır. Departamentin 60-a yaxın əməkdaşı xüsusi geyimlə təchiz olunmuşdur. Hazırda gözoxşayan, rahat avtobusların alınması üçün danışıqlar aparılır. Bütün bunlar əminlik yaradır ki, departamentin əməkdaşları qabaqcıl dünya təcrübəsini öyrənərək, yaxın zamanda nəqliyyat sahəsinin nümunəvi işini təmin edəcək və sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə nail olacaqlar. Çünki şəhər sakinlərinin çoxu hər gün nəqliyyatdan istifadə edir və əhalinin əhval-ruhiyyəsi həm də onlara göstərilən xidmətin səviyyəsindən asılıdır.
Görüşdə bir sıra tapşırıqlar və tövsiyələr verilmişdir. Yaxın vaxtlarda departamentin xidmət sahəsi genişləndiriləcək, onun ərazisində servis xidmətləri üçün yer ayrılacaqdır.