Sumqayıt sakinləri COVID-19 infeksiyası barədə maarifləndiriliblər
Sumqayıt, 23 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən, insanları maarifləndirmək məqsədilə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri ənənəvi tədbirlər həyata keçirir.
Bölmədən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, o cümlədən sakinlərin daha sıx cəmləşdiyi ərazilərdə, iri marketlərin qarşısında COVID-19 infeksiyasının qarşısını almaq məqsədilə maarifləndirmə işləri aparılıb, buklet və broşürlər, şəxsi gigenik ləvazimatları: tibbi maska, spirt, dezinfeksiyaedici maye paylanılıb.
Bununla yanaşı, bölmənin könüllüləri maarifləndirici plakatları marketlərin qarşısına yapışdırıb, əhali ilə profilaktik söhbətlər aparıblar. İnsanları bir daha zərurət olmadığı halda küçələrə çıxmamağa, evdə qalmağa və bununla da özlərini, əhatələrini qorumağa səsləyiblər.