SUMQAYIT ‘XOVLU İPLİK’ SƏHMDAR CƏMİYYƏTİNDƏ İŞLƏR CANLANMIŞDIR
Sumqayıt “Xovlu iplik” səhmdar cəmiyyətində yun ip istehsalı qaydaya salınmışdır. Müəssisə Almaniyadan gətirilmiş müasir avadanlıqla komplektləşdirilmişdir. Bu avadanlıqdan uzun müddət istifadə edilməsə də, onlar tamamilə yaxşı vəziyyətdə qalmışdır. 70-ci illərin ortalarında istifadəyə verilmiş fabrik xovlu sintetik iplik buraxılışı üzrə ixtisaslaşmışdı. Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Nəzirə Ağayeva Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevə SC-nin fəaliyyəti barədə məlumat verərkən bildirmişdir ki, vəziyyətdən çıxış yolunu buraxılan məhsulun çeşidini genişləndirməkdə görmüşlər. Fabrik təmizləmə, darama, boyama üzrə xüsusi avadanlıq, o cümlədən xüsusi texnoloji əməliyyatları yerinə yetirən dəzgahlar əldə edərək, 70 faiz yundan və 30 faiz akrildən ibarət yun iplik də buraxmağa başlamışdır. Xammal-yun Lerikdən və Şamaxıdan, akril isə Belarusdan gətirilir. Nəzirə Ağayeva demişdir ki, müəssisə əhalinin tələbat duyduğu akril örtüklər də buraxmağa başlamışdır. Geniş tələbat malları – sviterlər, jaketlər, idman formaları və pambıq parçadan kişi corabları nümayiş etdirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı V.Əliyev məmulatların reklamı üçün onların satış salon-mağazasını təşkil etməyi məsləhət görmüşdür. Müəssisə ilə tanışlıq zamanı belə bir inam ifadə olundu ki, mütəxəssislər yeni layihələr hazırlayaraq fabrikin işini canlandıracaqlar.