SUMQAYITDA NOVRUZ BAYRAMI TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə ümumxalq şənliklərinə hazırlıq işləri hələ bir ay əvvəl başlanmışdı və şəhər Novruzu səliqə-sahmanla və bayram əhval-ruhiyyəsi ilə qarşıladı.
Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında və bu yaxınlarda salınmış idman meydançasında xüsusilə qələbəlik vardı. Burada ümumşəhər bayram şousu keçirilirdi. Bayram personajları - Kosa və Keçəl şənliyə toplaşanlara sevinc dolu bayram ovqatı ərməğan etdilər. Bədii özfəaliyyət kollektivləri, orta məktəb şagirdləri rəngarəng konsert proqramı ilə çıxış etdilər. Dram dərnəklərinin üzvləri bayramın əsas personajlarının iştirakı ilə folklor tamaşası göstərdilər. İdmançılar, kəndirbazlar, sirk ustaları öz məharətlərini nümayiş etdirdilər. Parkda Sumqayıt rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdı.
Şəhərin bütün parklarında və bağlarında keçən kütləvi gəzintilər gecə yarısınadək davam etdi.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov Novruz bayramı ilə əlaqədar N hərbi hissəsində olmuş, əsgərləri təbrik edərək, onlara bayram sovqatları vermişlər.