Sumqayıtda “Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi fəaliyyətə başlayıb
Sumqayıt, 27 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Olimpiya İdman Kompleksində “Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan düşərgənin keçirilməsində məqsəd zəngin tarixi mədəniyyətimizin, adət-ənənələrin yaşadılması və gənclər arasında geniş təbliğ edilməsidir.
Düşərgənin açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxışlardan sonra “Bir kimi birlikdə”, “Hər şey Vətən üçün” şüarları ilə birincilik uğrunda mübarizə aparacaq "Bayat", "Qaramanlı", "Qacarlar", "Əfşarlar", "Baharlı" komandalarının bayraqları kapitanlarına təqdim olunub.
Düşərgə sentyabrın 1-nə kimi fəaliyyət göstərəcək. Bu müddət ərzində bir-birindən maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Ekskursiyalar, təlimlər, panel görüşlər, intellektual və idman oyunları, həmçinin iməcilik keçiriləcək.
Açılış tədbiri bədii proqramla davam edib.
Düşərgənin birinci gününün proqramı ocaq ətrafında musiqili və rəqsli gecə ilə tamamlanıb.