SUMQAYITDA TULLANTILARIN İDARƏ EDİLMƏSİNİN İKİNCİ MƏRHƏLƏSİ HƏYATA KEÇİRİLİR
Sumqayıt, 3 may (AZƏRTAC). Sumqayıtda tullantıların idarə edilməsi proqramının ikinci mərhələsinə başlanmışdır. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev bunu müşavirədə elan etmişdir.
Artıq bir neçə ildir ki, Sumqayıtda tullantıların idarə edilməsinin təkmilləşdirilməsi layihəsi müvəffəqiyyətlə həyata keçirilir. Bu layihə çərçivəsində yaradılmış Təmizlik İşləri Departamenti fiziki və hüquqi şəxslərlə üç mindən artıq saziş bağlamışdır. Departament şəhərdə fəaliyyət göstərən bütün obyektlərə müvafiq xidmətlər göstərir.
Departamentin 500-ə yaxın əməkdaşı şəhərin təmizliyini diqqət mərkəzində saxlayır. Kommunal xidmət işçilərinin sərəncamında müasir və yeniləşdirilmiş avtopark vardır. Şəhərin yaşayış massivlərinin bütün həyətlərində zibil toplamaq üçün məntəqələr yaradılmış, həmin məntəqələrdə 5 mindən çox konteyner qoyulmuşdur. Məişət tullantılarının şəhər poliqonuna daşınması üçün ikinövbəli iş təşkil edilmişdir. İndi şəhərin geniş prospekt və küçələri, həmçinin yaşayış massivləri daha təmiz və səliqəli görünür.
Proqramın ikinci mərhələsində Sumqayıtın bağ evləri zonasında müvafiq işlərin təşkili nəzərdə tutulur. Təmizlik işləri departamentinin xidmətləri Novxanıda yerləşən 5 min bağ sahəsini də əhatə edir. Şəhər təsərrüfatı və hüquq mühafizə xidmətlərinin mütəxəssislərindən, həmçinin bələdiyyələrin nümayəndələrindən ibarət işçi qrup abonentlərin siyahılarının tərtib edilməsi, konteynerlər üçün meydançalar ayrılması, zibil daşınması marşrutlarının seçilməsi üzrə məqsədyönlü təşkilati iş aparır. Bu işlərin may ayının sonuna qədər tamamlanması nəzərdə tutulmuşdur. Demək olar ki, bütün texniki məsələlər artıq həll edilmişdir. Bununla yanaşı, bağ sahələrinin sahibləri arasında izahat işləri aparılır.
Xatırladaq ki, iki il bundan əvvəl Sumqayıtda Prezident Administrasiyasının, İqtisadi İnkişaf, Ekologiya və Təbii Ehtiyatlar, Səhiyyə, Fövqəladə Hallar nazirliklərinin, elmi mərkəzlərin və institutların, donor təşkilatlarının, habelə ətraf mühitin qorunması məsələləri ilə məşğul olan aidiyyəti idarələrin nümayəndələrinin iştirakı ilə “Sumqayıt modeli: tullantıların kompleks idarə edilməsi yolunda” mövzusunda konfrans keçirilmişdir.
Respublika Ekoenergetika Akademiyasının prezidenti Fəğan Əliyev bu istiqamətdə aparılan işlərə ekspert kimi qiymət verərək demişdir: “Diqqətəlayiq haldır ki, Sumqayıt ölkəmizdə birincilər sırasında bu qlobal məsələnin həllinə yönəlmiş konkret əməli addımlar atır”.