SUMQAYITLILAR ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Sumqayıt İcra Hakimiyyətinin, bələdiyyənin, sənaye müəssisələrinin, təşkilatların, idarələrin rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri “Şəhidlər xiyabanı” xatirə kompleksini ziyarət edərək, “Əbədi məşəl”in və Vətəninin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda öz həyatlarını qurban vermiş cəsur oğulların məzarları üstünə tər gül-çiçək düzdülər.
1990-cı il yanvarın 20-nə keçən gecə baş vermiş dəhşətli hadisələrin qurbanlarının xatirəsinə ucaldılmış “20 Yanvar” abidəsinin önünə də əklillər və gül-çiçək qoyuldu. Sinələrini sovet imperiyasının dəhşətli hərbi texnikası qarşısında sipər edərək, həlak olanlar arasında üç sumqayıtlı da var idi. Şəhərin dörd sakini isə əlil olmuşdur. Müdrik siyasətçi və dövlət xadimi Prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verildi, öz miqyasına görə misli görünməmiş bu vəhşiliyin günahkarlarının adları elan edildi.
Şəhər məscidinin axundu Prezident Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxudu.
Sumqayıtın yaxınlığında yerləşən Hacı Zeynalabdin Tağıyev adına qəsəbədə də 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Burada şəhidlərin xatirəsinə ucaldılmış xatirə obeliskinin önünə əklillər qoyuldu.
Sumqayıtlılar Polimerlər İnstitutunun professorları Svetlana Məmmədova, İsmayıl Mursaqulov və İbrahim İbrahimovun da xatirəsini yad etdilər. 1990-cı il yanvarın 24-də alimlər avtomaşında işdən qayıdarkən Ceyranbatan dəryaçası yaxınlığında zirehli transportyor onların maşınını basıb əzmişdi. Faciənin baş verdiyi yerdəki xatirə lövhəsinin önünə də tər çiçəklər düzüldü.