Suraxanıda Səttar Bəhlulzadə küçəsinin bir hissəsi təmir olunur VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
Bakı şəhərinin Suraxanı rayonunda Səttar Bəhlulzadə küçəsinin Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək olan hissəsində təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 4,9 kilometr, ortalama eni 9 metr olan sözügedən küçə üzrə hazırda köhnə və yararsız asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri aparılır.
Təmir çərçivəsində küçə boyu zəruri yerlərdə köhnə səki daşlarının yenilənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, zəruri yerlərdə yağış barmaqlıqlarının yenilənməsi işləri də yerinə yetiriləcək.
İşlərin aparıldığı hissələrdə ərazidən keçən avtonəqliyyat vasitələrinin və işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.