Suriyada vətəndaş müharibəsinin ağır nəticələri açıqlanıb
Qahirə, 15 mart, AZƏRTAC
On il əvvəl Suriyada iğtişaşlarla başlayan və sonrada dünyanın ən böyük humanitar fəlakətlərindən birinə çevrilən vətəndaş müharibəsinin fəsadları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Suriyada İnsan Haqları Müşahidə Şurasının (SOHR) məlumatında indiyədək bu ölkədə 500 mindən çox insanın, o cümlədən 120 minə yaxın mülki şəxsin həlak olduğu bildirilir. Cəsədləri tapılmayan və itkin düşmüş hesab edilən 205 min 300 nəfər də bu siyahıya daxil edilib. Müharibə zamanı 12 mindən çox uşaq həlak olub və yaralanıb. Ümumilikdə 2,1 milyon suriyalı yaralanıb və ya şikəst olub. Şəhər, qəsəbə və kəndlərin dağılması nəticəsində ölkə əhalisinin 55 faizi, yaxud 22 milyon nəfər öz evlərini tərk edib, onların 5,6 milyonu qonşu ölkələrdə və Avropada qaçqın kimi yaşayır. Qaçqın suriyalıların 93 faizi qonşu Türkiyə, Livan, İordaniyada sığınacaq tapıb. Avropa ölkələri arasında suriyalı qaçqınlara ən çox sığınacaq verən ölkə Almaniya (675 min nəfərə yaxın), qonşu ölkələrdən isə Türkiyədir (3 milyon 655 min nəfər). On il ərzində qaçqın Suriya vətəndaşlarının ailələrində 1 milyona yaxın uşaq dünyaya gəlib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında qeyd olunur ki, hazırda Suriyada yaşayan 13,4 milyon insanın humanitar yardıma ehtiyacı var. COVID-19 pandemiyası dövründə isə onların bir çoxu aclıq təhlükəsi ilə qarşılaşıb.
Vətəndaş müharibəsi zamanı təkcə Hələb şəhərində 35 min bina və infrastruktur dağıdılıb. Bundan başqa, tarixi mədəniyyət abidələri, o cümlədən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş 6 qədim irs nümunəsi xarabaya çevrilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə