MƏDƏNİYYƏT
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Süleyman Ələsgərov
Bakı, 19 avqust, AZƏRTAC
"Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olan unudulmaz bəstəkar Süleyman Ələsgərova həsr olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.
Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Asəf Zeynallı adına Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru və musiqi bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb.
Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü", "Ulduz", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaylıq", "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Rondo", "Aşıqvari",qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.
1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.
Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də dünyasını dəyişib.