Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar Serbiyada anma mərasimi keçirilib
Belqrad, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycanın Serbiyadakı səfirliyində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, ictimaiyyətin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Səfir Eldar Həsənov tədbirdə çıxış edərək Şuşanın əzəli Azərbaycan torpağı olması, tarixən burada azərbaycanlıların yaşayış məskənlərinin mövcudluğu və bu şəhərin ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın inzibati, mədəni və elmi mərkəzi rolunu oynaması barədə məlumat verib. Diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti Şuşanın işğalı zamanı da özünü göstərib. Ermənistan silahlı qüvvələri bu tarixi Azərbaycan torpağında mülki əhaliyə qarşı amansız divan tutaraq kütləvi qırğınlar törədib, tarixi və mədəni abidələrimizi dağıdıb. Səfir bu hərbi cinayətlərin silahlı münaqişə qanunlarının kobud pozuntusu olduğunu və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilmədiyini xatırladıb.
E.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq Şuşa barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verərək işğal olunmuş ərazilərimizin tezliklə geri qaytarılacağına əminliyini ifadə edib.
Tədbirdə vurğulanıb ki, Şuşada, eləcə də Azərbaycanın işğal olunmuş digər ərazilərində törədilmiş cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan njdehizmin məntiqi nəticəsidir. Njdehizm nasizmdən ruhlanaraq yaranmış, Azərbaycana və Türkiyəyə qarşı açıq nifrət bəsləyən və erməni “irqinə” itaəti ehtiva edən “tseqakronutyun” ideologiyasını davam etdirir.
Tədbir iştirakçıları Şuşanın işğalı ilə əlaqədar Ermənistanın “şənliklər” təşkil etməsini njdehizmin göstəricisi kimi qiymətləndiriblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad