Tacikistanda keçirilən anım mərasimində Xocalı faciəsi ilə bağlı həqiqətlərdən bəhs edilib
Düşənbə, 25 fevral, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə Tacikistan Ali Məclisinin deputatları, dövlət və hökumət nümayəndələri, səfirlər, elm, mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıb, onlara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu, soyqırımı ilə bağlı buklet və kitabçalar paylanıb.
Xocalıda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımına dair sənədli film nümayiş etdirilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Xocalı faciəsi haqqında məlumat verib. Bildirilib ki, Xocalı soyqırımını törətməkdə ermənilərin iki məqsədi olub: Birincisi bu şəhər digər yerlərə hücum etmək üçün strateji əhəmiyyət daşıyırdı. İkincisi isə ermənilər bilirdilər ki, Xocalı ən qədim insan məskənlərindən biridir və burada xalqımızın qədim mədəniyyət izləri var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir münaqişənin dinc yolla həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirildiyini bildirib. Səfir deyib ki, Azərbaycan diplomatiyasının uğurları nəticəsində Meksika, Kolumbiya, Pakistan, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras kimi ölkələr və ABŞ-ın 15 ştatı, həmçinin bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıblar.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Avropa ölkələrinin birində Qərb jurnalistinin sualına cavabında bildirib ki, əgər vaxtında Dağlıq Qarabağ münaqişəsi ədalətlə həll olunsaydı, bu gün Ukraynadakı hadisələr də baş verməzdi.
A.Həsənov qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Səfir Xocalı soyqırımının törədilməsində günahkar olan şəxslərin bu gün Ermənistanda yüksək vəzifə tutduqlarını və onların beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını söyləyib. Bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan bu şəxslərin sırasındadır.
Tacikistanın Xarici Ölkələrlə Mədəni Əlaqələr və Dostluq Cəmiyyətinin məsul işçisi Qalina Kurbanova deyib ki, biz, əlbəttə, müharibə deyil, sülh tərəfdarıyıq. Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, acılarınıza şərik olduğumuzu bildiririk.
Tacikistan Milli Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Xolahmad Samiyev müharibədən əvvəl Azərbaycanın Ağdam və Şuşa rayonlarında olduğunu bildirib. O, Azərbaycan xalqının dərdinə şərik olduğunu söyləyib, xalqlarımıza sülh və əmin-amanlıq arzulayıb.
Tədbir haqqında Tacikistanın “Cahonnome” televiziya kanalında reportaj hazırlanıb, ölkənin kütləvi informasiya vasitələrinə, o cümlədən Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə Xocalı faciəsi ilə bağlı məlumatlar toplusu göndərilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə