Tacikistanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, Tacikistanda yaşayan azərbaycanlılar, yerli və xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Milli Məclisin deputatı Elmira Axundovanın səfirliyin təşəbbüsü və sifarişi ilə tacik dilinə tərcümə edilmiş yeddi cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı diplomatik nümayəndəliyin inzibati binasının foyesində sərgilənmişdir.
Bu kitabın xarici dilə ilk tərcüməsi məhz Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və sifarişi ilə həyata keçirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş qısametrajlı film nümayiş olunmuşdur.
Səfir Abbasəli Həsənov çıxış edərək müasir müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O, Ümummilli Liderin məkan və zaman sərhədlərini aşaraq əbədiyyətə yol açmış şəxsiyyət olduğunu vurğulamışdır.
A.Həsənov Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, iqtisadiyyatın 3,4 dəfə artdığını, valyuta ehtiyatlarının 50 milyard dolları keçdiyini vurğulamışdır.
O, əldə edilən bütün uğurları Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi kimi qiymətləndirmişdir. Diplomat qeyd etmişdir ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının sərvətidir. Hər bir azərbaycanlı bu irsi dərindən öyrənməlidir.
A.Həsənov bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu, Azərbaycanın Tacikistandakı səfirliyinin də bununla bağlı bir çox tədbirlər keçirildiyini diqqətə çatdırmışdır.
Tacikistanın sabiq baş prokuroru Karim Xasanov 1965-ci ildə Azərbaycana səfəri zamanı Heydər Əliyevlə görüşdüyünü və həmin görüşdən aldığı təəssüratları indiyədək unutmadığını bildirmişdir.
BMT-nin Tacikistan üzrə əlaqələndiricisi, Ulu Öndərlə vaxtilə bir neçə dəfə görüşmüş Aleksandr Zuyev Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini söyləyən A.Zuyev Azərbaycanın necə sürətlə inkişaf etdiyinin şahidi olduğunu vurğulamışdır.
Ukraynanın Tacikistandakı səfiri S.Nikiytuk ümummilli lider Heydər Əliyevin bütün dünyada tanındığını, xüsusilə Ukraynada ona qarşı böyük məhəbbət hissinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ulu Öndərin Azərbaycan-Ukrayna münasibətlərinin formalaşmasında və inkişafında əvəzsiz rolundan danışan səfir ölkələrimizin biri-biri ilə strateji tərəfdaş olmasını bunun bariz nümunəsi kimi dəyərləndirmişdir.
Tacikistanın Xalq Yazıçısı Qulnazar Keldiyev də ulu öndər Heydər Əliyevin keçdiyi mənalı və zəngin həyat yolundan danışmışdır.
Tədbir Tacikistanın “Cahonnamo” və “Poytaxt” televiziya kanalları tərəfindən işıqlandırılmışdır.