Taekvondoçumuz Eltac Qafarov Polşada mükafatçılar sırasına düşə bilməyib
Krakov, 25 iyun, AZƏRTAC
Azərbaycan taekvondoçusu Eltac Qafarov Polşada təşkil olunan III Avropa Oyunlarını medalsız başa vurub.
AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk döyüşünü səkkizdəbir finalda keçirməli olsa da, onun rəqibi Lukaş Çudnoç (Polşa) yarışa qatılmayıb. Rəqibin imtinası idmançımızı dörddəbir finala daşıyıb. O, növbəti mərhələdə serbiyalı Stefan Takovla üz-üzə gəlib. 0:2 (2:8, 2:15) hesabı ilə uduzan E.Qafarov qızıl medal şansını itirib. S.Takovun yarımfinalda məğlubiyyəti taekvondoçumuzu bürünc uğrunda mübarizə aparmaq imkanından məhrum edib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.