TAIEX-in nümayəndələri Azərbaycanda səfərdə olublar
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 12-dən 16-dək Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) üzrə ekspert missiyasının nümayəndələri Azərbaycanda səfərdə olublar.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda icma əsaslı yaşıl kənd turizminin inkişafına dair konsepsiyanın hazırlanması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin qanunvericilik, marketinq və s. ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə bu missiya çərçivəsində finlandiyalı ekspert Tapaninen Matti Tuomas və ispaniyalı ekspert Martinez Mingueza Maria Angeles ölkəmizə səfər ediblər.
Səfər zamanı icma əsaslı yaşıl kənd turizminin inkişafına dair “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin sədri və yerli nümayəndələri, turizm şirkətlərinin icraçı direktorları, Turizm şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərlə məhsuldar görüşlər keçirilib və müzakirələr aparılıb.
Səfərin ikinci günündə Lahıc qəsəbəsinə tanışlıq turu təşkil edilib. Lahıc qəsəbəsinə səfər zamanı icra hakimiyyətinin yerli nümayəndəsi, yerli bələdiyyənin sədri, turistləri qəbul edən ev sahibləri, yerli bələdçilər, muzeyin və qoruğun direktorları ilə məhsuldar görüşlər keçirən qonaqlar mövcud vəziyyət barədə ətraflı məlumat əldə ediblər.
Bildirilib ki, layihənin yekununda təqdim olunacaq tövsiyələrə uyğun olaraq növbəti mərhələyə dair işlər davam etdiriləcək.