Tailandda COVID-19 virusuna sutkalıq yoluxma sayı 10 mini ötüb
Pekin, 17 iyul, AZƏRTAC
Tailandda COVID-19 virusuna sutkalıq yoluxma sayı 10 mini ötüb.
AZƏRTAC Tailandın İctimai Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka virus səbəbindən 141 ölüm qeydə alınıb. Hər iki rəqəm pandemiya dövründə Tailandda antirekord göstəricidir.
Hökumət son günlər sutkalıq yoluxma sayının çoxalması səbəbindən daha 7 bölgəni ən yüksək səviyyədə karantin rejiminin tətbiq olunduğu “tünd qırmızı” zonalar siyahısına daxil edib. Bu zonada səhər saat 9:00-dan 16:00-dək “evdə qal” rejimi tətbiq olunur, saat 8-dən 15:00-dək market və gündəlik tələbat malları mağazalarının fəaliyyəti, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, 5 nəfərdən çox insanın toplaşması, ticarət mərkəzlərinin, gözəllik salonlarının fəaliyyəti, şəhərlərarası səyahətlər məhdudlaşdırılıb. Bunun üçün “tünd qırmızı” zonaya aid olan yaşayış məntəqələrində giriş-çıxışa nəzarət etmək üçün polis postları quraşdırılıb. Dövlət qurumlarına və özəl müəssisələrə tövsiyə olunub ki, əməkdaşların əksəriyyəti evdən işləsin. Digər zonalarda isə nisbətən yüngül karantin tədbirləri tətbiq olunur.
Hökumət ölkədə vaksinasiyanı sürətləndirmək üçün ölkədə istehsal olunan "AstraZeneca" peyvəndinin ixracını məhdudlaşdırıb. Səhiyyə işçilərinə 3 doza vaksinin vurulmasına qərar verilib.
Qeyd edək ki, hazırda pandemiyanın ən ağır dalğasının müşahidə olunduğu Tailandda aprelin əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı çoxalır. Virusun “delta” ştamı ölkədə sürətlə yayılır. Hökumət bu səbəbdən mobil xəstəxanaların və müvəqqəti karantin mərkəzlərinin inşasına başlayıb. Təkcə paytaxtda 20 müvəqqəti özünütəcrid mərkəzi fəaliyyət göstərəcək.
Turizm ölkəsi kimi tanınan Tailand oktyabrın ortasında xarici ölkələrlə gediş-gəlişi tam açmağı planlaşdırıb. Artıq Puket adasında xarici turistlərin qəbuluna başlanılıb. Turistlərdən COVID-19 pasportu və ya koronavirus testinin neqativ nəticəsi tələb olunur. Amma Avropa İttifaqının Tailandı “yaşıl siyahı”dan çıxarması hökumətin turizmi bərpa etmək planlarına mənfi təsir edə bilər. Belə ki, Tailanddan Avropaya qayıdanların karantinə cəlb olunması tələbi avropalı turistlərin bu ölkəyə səfərlərinin azalmasına gətirib çıxaracağı şübhəsizdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin