Taleh Məmmədov: Yunan-Roma güləşi üzrə yığmamızın Avropa çempionu olacağı gözlənilən idi

Bakı, 14 aprel, AZƏRTAC
“Məşqçilərimizi və güləşsevərləri sərbəst və yunan-Roma güləşi üzrə milli komanlarımızın Avropa çempionu olmaları münasibətilə təbrik edir, medal qazanan bütün idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Bu nəticələr onu göstərir ki, hər bir güləşçimiz öz üzərində əzmlə çalışır. Bu uğurların davamlı olacağına inanıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran yunan-Roma güləşçisi Taleh Məmmədov Azərbaycan təmsilçilərinin Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatındakı nəticələrini dəyərləndirərkən deyib.
O, turnirdən öncə verdiyi proqnozun özünü doğrultduğunu bildirib: “Əsasən də yunan-Roma güləşi üzrə yığmamızdan bu nəticəni gözləyirdim. Məşqçilər də idmançılarımızın nəticə verməsi üçün əllərindən gələni etdilər. Belə görünür ki, güləşimizin inkişafı üçün yüksək səviyyədə iş gedir. Ümumiyyətlə, yarış idmançılarımız üçün çox yaxşı keçdi. Sadəcə, Sənan Süleymanovun (77 kiloqram) fəxri kürsüdən kənarda qalması məni olduqca məyus etdi. Onu çempionatın finalında görürdüm. Amma Sənan çalışqan idmançıdır. İnanıram ki, dünya çempionatına qədər özünü toparlayacaq və daha yaxşı çıxış edərək medalçılar sırasında yer alacaq”.
35 yaşlı keçmiş güləşçi ilk dəfə Avropa çempionu tituluna sahib çıxan Qurban Qurbanovun (82 kiloqram) isə əzmkar güləşdiyini və qızıl medala layiq olduğunu söyləyib: “Qurban gözümün önündə böyüyüb. O, uşaq ikən də çox mübariz xarakterli idi. Fikrimcə, onun necə əzmkar idmançı olduğu bu gün də göz önündədir. 3 il bundan öncə şəxsi məşqçisinə Qurbanın böyüklər arasında Avropa və dünya çempionatında yüksək nəticələr verəcəyinə inandığımı demişdim. Mən bu güləşçimizi gələcəyin Olimpiya mükafatçısı kimi görürəm. Ümid edirəm ki, bu, reallaşacaq”.
T.Məmmədov yerli sərbəst güləşçilərin nisbətən zəif çıxışının səbəbinə də aydınlıq gətirib: “Legionerlərimiz özlərini yaxşı tərəfdən göstərə bildilər. Amma düşünürəm ki, yerli sərbəst güləşçilərimiz hələ gəncdirlər. Onlara bir qədər vaxt lazımdır. Bir neçə ilə möhkəmlənib daha böyük uğurlar qazanacaqlar. Əminəm ki, millinin böyük məşqçisi Cəbrayıl Həsənov onların üzərində hər gün çalışır. Gənclərimiz günü-gündən artırırlar. Onlar 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya qədər daha yaxşı formada olacaq, layiqincə mübarizə aparıb, ölkəmizin bayrağını nüfuzlu turnirlərdə dalğalandıracaqlar”.
Avropa ikincisi və üçüncüsü olmuş veteran idmançının sözlərinə görə, qadın güləşində ildən-ildə yüksəliş hiss olunur: “Bilirsiniz ki, bir idmançını böyüklər arasına gətirib çıxarmaq üçün ən azı 10 il vaxt lazımdır. Bu gün demək olar ki, qadın güləşçilərimiz daha yaxşı nəticələr göstərirlər. Yığmanın heyətində olan qızlar çox gəncdir. Baş məşqçi Toğrul Əsgərov bu komandanı zirvələrə qaldıracaq. Çünki potensiallı qız güləşçilərimizin sayı heç də az deyil”.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kiloqram) qızıl, Osman Nurməhəmmədov (92 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram) və Ağanəzər Novruzov (74 kiloqram) bürünc medala yiyələniblər. Yunan-Roma güləşində Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Qurban Qurbanovun (82 kiloqram) Avropa çempionu olublar, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Qadınların yarışında isə Jalə Əliyeva (57 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.