SİYASƏT
TALLİNNDƏ AZƏRBAYCANIN AVROPAYA İNTEQRASİYASINDA BALTİKYANI ÖLKƏLƏRİN ROLUNA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏKDİR
Bakı, 19 may (AZƏRTAC). Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirmişlər ki, mayın 22-də Riqada “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi və DİDK-in birgə təşkilatçılığı ilə “Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçiriləcəkdir.
Mayın 27-28-də isə Tallinndə Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi və Estoniya-Azərbaycan Dostluq Qrupu tərəfindən “Azərbaycanın Avropaya inteqrasiyasında Baltikyanı ölkələrin rolu” mövzusunda konfrans təşkil olunacaqdır.
Tədbirdə Litva, Latviya və Estoniyanın dövlət nümayəndələrinin, Azərbaycanın Baltikyanı ölkələrdəki diplomatik korpusunun təmsilçilərinin, icma üzvlərinin, yerli ictimai təşkilatların, eləcə də DİDK-in nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Tallinndə, həmçinin 28 May - Respublika gününə həsr olunmuş sərgi açılacaqdır.