MƏDƏNİYYƏT
Tanınmış aktyor Möylə Mirzəliyevin 65 illiyi səhnədə qeyd olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış aktyor Möylə Mirzəliyevin 65 illik yubileyi münasibətilə Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanmış “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası oynanılıb.
Bu barədə AZƏRTAC-a teatrdan bildirilib. Aktyorun həyat və yaradıcılığı barədə tamaşaçılara ətraflı məlumat verən teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını ona təqdim edib.
Möylə Mirzəliyev “Baladadaşın toy hamamı” tamaşasının ilk nümayişindən indiyədək 62 dəfə Qəzənfər obrazı ilə səhnəyə çıxıb.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Nadir Xasiyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Hüseyn Əlili, aktyorlar Əmrah Dadaşov, Ülviyyə Əliyeva, Gültac Əlili, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Elnarə Nağdəliyeva, Cərayıl Cəbrayılov, Telli Hüseynova, Elməddin Dadaşov, Nigar Qarayeva, balaca aktyor Miruğur Əlili ifa ediblər.
Teatrla kinonun sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə də Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Leyla və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.