TARİX-DİYARŞUNASLIQ MUZEYİNDƏ “HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN” BÖLMƏSİ YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sabirabadın tarix-diyarşünaslıq muzeyində açılmış “Heydər Əliyev və müstəqil Azərbaycan” bölməsində sərgilənən eksponatların sayı 500-dən çoxdur. Salondakı “Heydər Əliyev Sabirabadda” adlı sərgi xüsusi maraq doğurur.
Ulu öndər respublikamızın rəhbəri olduğu illərdə bu rayona 14 dəfə səfər etmişdir. Onun xeyir-duası ilə Kür çayı üzərində Muğan və Şirvan bölgələrini birləşdirən nəhəng körpü salınmış, Araz çayı üzərində Muğanla Aran Qarabağı birləşdirən körpünün inşasına başlanılmış, 600 yerlik iri mədəniyyət sarayı, 1209 kvadratmetr ərazidə 85 yaşayış məntəqəsini içməli su ilə təmin edən su kəmərləri sistemləri, 30 orta məktəb binası tikilmiş, 163 min kvardratmetr yaşayış sahəsi istifadəyə verilmiş, 30 min hektar torpaq sahəsi meliorasiya edilərək yararlı hala gətirilmiş, 103 min nəfər kənd əhalisinə torpaq payı verilmişdir.
Fotoşəkillər, xatirələr, habelə saysız-hesabsız sənədlər böyük ömrün unudulmaz anlarını yada salır. Dahi rəhbərin öz halal zəhməti ilə ad-san qazanan, şan-şöhrət sahibi olan sabirabadlı Sosialist Əməyi Qəhrəmanları Zəminə Aslanova, Fatma Hüseynova, əməkdar müəllim Zübeydə Mirzəyeva, Böyük Vətən müharibəsi veteranları Hazaran Qurbanov, Məmməd Məmmədov, Zülfəli Əliyev və Məmməd Xəlilovla çəkdirdiyi xatirə şəkilləri onun işgüzar, vətənpərvər, sadə insanlara sonsuz diqqət, qayğı və məhəbbətinin bariz nümunəsidir.
Bölmədəki “Qayıdış”, “Qurtuluş”, ”Yeni və müstəqil Azərbaycan uğrunda”, “Heydər Əliyev beynəlxalq arenada”, “Mədəniyyətimiz və Prezidentimiz” başlıqları altında toplanmış materiallar da ümummilli liderimizin titanik fəaliyyətini əks etdirir.