“Tarix təkrarlanır” mövzusunda “dəyirmi masa” Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuşdur
Bakı, 28 mart (AZƏRTAC, Türkan Abdullayeva). Martın 28-də Azərbaycan İstiqlal Muzeyində “Tarix təkrarlanır” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa”da Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, professor Həvva Məmmədova çıxış edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışlar.
Bildirilmişdir ki, 1918-ci ildə martın 30-dan aprelin 2-dək Bakıda, Şamaxıda, Qubada, ölkəmizin digər şəhər və rayonlarında törədilmiş qanlı hadisələrdə minlərlə insan qətlə yetirilmişdir. Bu qanlı qırğın zamanı Şamaxı qəzasında 110 kəndin zərər çəkdiyi nəzərə çatdırılaraq bildirilmişdir ki, bu yaşayış məntəqələrindən 96-sı tamamilə yandırılmışdır.
Qeyd olunmuşdur ki, bu qanlı hadisələrə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmiş və Ulu Öndərin “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 27 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Çıxış edənlər söyləmişlər ki, 1918-ci il mart qətliamları ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ilk və son hadisə olmamışdır. XX əsr boyu bu qətliamların davam etdiyi vurğulanaraq 1905-1907, 1918, 1920 və 1988-ci illərdə ermənilərin ölkəmizdə törətdikləri qırğınlar barədə məlumat verilmişdir.
Erməni qəsbkarlarının “Böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq siyasəti apardıqlarını diqqətə çatdırılaraq qeyd edilmişdir ki, tarixi düşmənlərimiz Azərbaycanın müxtəlif bölgələrində soyqırımı törətmişlər.
Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış komissiya tərəfindən bu hadisələr tədqiq edilmiş və faktlar sənədlərdə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində soyqırımı qurbanlarının sayı haqqında yeni rəqəmlər aşkar edilmişdir.
Tədbirdə azərbaycanlıların soyqırımından bəhs edən videoçarx nümayiş olunmuşdur.