Tarix və Etnologiya İnstitutu ilə Çimkent Universiteti arasında memorandum imzalanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi Çimkent Universitetinin bir qrup alimi AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun qonağı olublar.
Bu barədə AZƏRTAC-a Tarix və Etnologiya İnstitutundan məlumat verilib.
İnstitutun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov qonaqlara bu elmi müəssisənin strukturu, fəaliyyət istiqamətləri, elmi nəşrlər və birgə əməkdaşlıq sahəsində qarşıda duran perspektiv haqqında məlumat verib.
Çimkent Universitetinin rektoru Nurlıbek Seytkulov təmsil etdiyi elmi müəssisə haqqında geniş məlumat verərək qarşılıqlı əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.
Görüş çərçivəsində Tarix və Etnologiya İnstitutu və Çimkent Universiteti arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda akademik mobillik proqramlarının həyata keçirilirməsi, elmi-tədqiqat layihələrinin birgə icra olunması və bu layihələr çərçivəsində alimlərin beynəlxalq əməkdaşlığının, təcrübə mübadiləsinin təşkili nəzərdə tutulub.