Tarixçi alim: Strateji hədəflərə yönəlmiş siyasət öz bəhrəsini verməkdədir
Bakı, 29 dekabr, AZƏRTAC
Bu gün Prezident İlham Əliyev dünyada XXI əsrin tələblərinə cavab verən təşəbbüskar, yenilikçi bir lider kimi tanınmaqdadır. Prezidentin dekabrın 24-də məhz öz doğum günündə Qərbi Azərbaycan İcmasının istifadəsinə verilən yeni binada bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüşü və burada səsləndirdiyi fikirləri mühüm tarixi əhəmiyyət kəsb etməklə gələcək strateji hədəfləri də müəyyən edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tarix İnstitutunun “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Qərbi Azərbaycan torpaqlarında ermənilər tərəfindən iki yüz il ərzində baş verən hadisələrə toxunaraq qarşıya yeni strateji hədəflər qoydu:
“Bununla Qərbi Azərbaycana Qayıdış konsepsiyasının konturlarını cızmış oldu. Hələ 2010-cu il iyunun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın Azərbaycanlı İcmasına verilmiş binanın açılışında tikilinin icma üzvlərinin müvəqqəti qərargahı olduğunu demişdi. Dövlət başçısı torpaqlar işğaldan azad olunandan sonra icma üzvləri üçün Qarabağda yeni gözəl binaların tikiləcəyini qeyd etmişdi. O zaman hədəflənən bu siyasət bu gün 44 günlük Zəfərin işığında daha dəqiq və aydın görünməkdədir. Ali Baş Komandan çıxışında ermənilər tərəfindən tarixi torpaqlarımızda olan maddi-mədəni irsimizin yox edilməsi, əhalinin soyqırımı, deportasiyası, toponimlərimizin dəyişdirilməsi və sair məsələlərə toxunaraq bu həqiqətlərin elmi cəhətdən əsaslandırılmış faktlarla dünya ictimaiyyətinin diqqətinə düzgün formada çatdırılmasının vacibliyini vurğuladı. Azərbaycanın hüquqlarını sülh yolu ilə təmin etmək istədiyini və bütün konvensiyaların bu hüququ tanıdığını qeyd etdi. O, çıxışında buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalı olduğumuzu bildirmişdi. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.
Tarixçi alim Prezident İlham Əliyevin bu fikirləri söyləməklə Qayıdış konsepsiyasının Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmasını və sülh yolu ilə baş verməsini həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırmış olduğunu deyib: “Yenə də strateji hədəflərinə doğru irəliləyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, “Mən ikinci dəfədir ki, bu binadayam... Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar... Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”.