“Tarixi şəxsiyyət” adlı şeir müsabiqəsinə yekun vurulub
Bakı, 2 may, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixi şəxsiyyət” adlı şeir müsabiqəsinə yekun vurub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqə Yasamal rayonu 167 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında keçirilib.
Müsabiqəyə Yasamal rayon Heydər Əliyev Mərkəzində yekun vurulub. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şagirdlər muzeylə tanış olublar. Çıxış edənlər böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin zəngin həyat yolundan danışıblar.
Şeir müsabiqəsində fəal iştirak edən birinci, ikinci və üçüncü yerlərin qalibləri fəxri fərman və kitab hədiyyələri ilə, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.