SİYASƏT
Tbilisidə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub
Tbilisi, 13 mart, AZƏRTAC
Martın 13-də Tbilisidə “Regional və qlobal proseslərin dinamikası kontekstində Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan-Azərbaycan Fondunun təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Gürcüstan parlamentinin deputatları, elm xadimləri, siyasətçilər və aparıcı media qurumlarının rəhbərləri iştirak ediblər.
Fondun prezidenti, politoloq Simon Kopadze deyib ki, tədbirin əsas məqsədi dünyada və regionda dəyişən siyasi proseslər fonunda Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının perspektivlərini, eləcə də regional enerji, nəqliyyat layihələrini bir daha nəzərdən keçirmək, yeni nəqliyyat dəhlizlərinin əhəmiyyətini müzakirə etməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında dünyada və regionda gedən proseslərdən danışıb, tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür tədbirlər ikitərəfli münasibətlərin daha möhkəmlənməsinə xidmət edir və başqaları üçün nümunədir.
Sonra Gürcüstan parlamentinin deputatları Qoça Kardava, Teona Akubardia, Qiroqi Vaşadze, Tbilisi Dövlət Universitetinin professoru Nikolay Cavaxişvili, “apsny.ge” portalının direktoru Qoça Qvaramoya və başqaları çıxış edərək regionda gedən proseslər barədə fikirlərini bölüşüblər.
Çıxışlar zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Bu reallıqlar həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərə yenidən nəzər salmağı zəruri edir.
Tədbir zamanı, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinə, Ermənistanın pozuculuq fəaliyyətinə, İranın qeyri-müəyyən mövqeyinə toxunulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi