TBİLİSİDƏ AZƏRBAYCANLI RƏSSAMIN SƏRGİSİ AÇILIB
Mərasimdə Gürcüstan parlamentinin üzvləri, siyasətçilər, ziyalılar, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və yaxından iştirakı ilə təşkil edilmişdir. Səfir, professor Namiq Əliyev sərgini açaraq, Ələkbər Rzaquliyevin həyat və yaradıcılığı barədə məlumat verib demişdir ki, sovet dövründə ömrünün 25 ilini həbsxana düşərgələrində keçirən rəssam bu mövzularda misilsiz əsərlər yaratmışdır. 400-dən çox əsərin müəllifi olan Ə.Rzaquliyev tam əsasla Azərbaycan incəsənətinin qrafika sahəsinin banilərindən sayılır. Onun əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilmiş, neçə-neçə muzeylərin incisinə çevrilmişdir. Diplomat bu qəbildən tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını vurğulamış, Prezident İlham Əliyevin ölkəmizin tarixinin, mədəniyyət və incəsənətinin, adət-ənənələrimizin xaricdə təbliğinin gücləndirilməsi yönümündə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində işin davam etdiriləcəyini bildirmişdir. Səfir bundan öncə Gürcüstan milli muzeyində ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş fotosərgini misal çəkmiş, bunun ulu öndərin həyat salnaməsinə Gürcüstan ictimaiyyəti arasında böyük maraq doğurduğunu qeyd etmişdir.
“Gürcüstan-Azərbaycan dostluq evi” ictimai birliyinin prezidenti, Gürcüstan prezidentinin anası, professor Giuli Alasaniya, Gürcüstan parlamenti sədrinin müavini Mixail Maçavariani Azərbaycan-gürcü xalqlarının dostluğundan, belə tədbirlərin münasibətlərin daha da dərinləşdirilməsinə xidmət etdiyindən söhbət açmışlar.
Rəssamın oğlu Aydın Rzaquliyev atasının yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirmişdir.