Tbilisidə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib
Tbilisi, 12 fevral, AZƏRTAC
Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalı soyqırımı-30” adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Toğrul Allahverdili Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımının 30 illiyinin keçirilməsi ilə əlaqədar Sərəncamı barədə ətraflı məlumat verib.
Sonra “Xocalı soyqırımı-30” layihəsinin rəhbəri, vətəninfo.az saytının redaktoru Nahid Canbaxış çıxış edərək Xocalı soyqırımı, eləcə də erməni cəlladların zaman-zaman azərbaycanlılara qarşı törətdiyi digər cinayətlər barədə ətraflı məlumat verib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə ətraflı məlumat verib.
Sonra “Yeniçağ” media qrupunun rəhbəri Aqil Ələsgər, “24news.ge” portalının rəhbəri Azər Məmmədov, “aktual.ge” portalının redaktoru İlkin Hüseynov və başqaları çıxış edənlər Azərbaycan və gürcü xalqları arasındakı dostluq münasibətlərindən ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri qanlı cinayətlər barədə danışıb, Xocalı soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət verilməsinin, dünya birliyi ölkələri, eləcə də Gürcüstan parlamentinin Xocalı soyqırımını tanıması barədə qərar qəbul etməsinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Xocalı soyqırımının tanınması ilə əlaqədar Gürcüstan parlamentinə müraciət qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi