TEATR XADİMLƏRİ İTTİFAQININ KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda ölkəmizin mədəniyyət və incəsənət işçilərinə daim xüsusi diqqət və qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin və ötən konfransdan keçən müddət ərzində dünyasını dəyişmiş teatr xadimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Teatr xadimləri ittifaqının sədri Azərpaşa Neymətov konfransda hesabat məruzəsi ilə çıxış edib, hesabat dövründə ittifaqın gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir.
Məruzə ətrafında xalq artistləri, quruluşçu rejissorlar Cənnət Səlimova, Ağakişi Kazımov, habelə Atababa Hacıbabayev və başqaları çıxış edərək Teatr Xadimləri İttifaqının işini müsbət qiymətləndirmiş, gələcəkdə onun fəaliyyətini daha da yaxşılaşdırmaq üçün təkliflərini bildirmişlər.
Konfransda İttifaqın Nizamnaməsində edilən dəyişikliklər barədə məlumat verilmişdir. İttifaqda prezident vəzifəsi ləğv edilmiş, ali orqan olan qurultay konfransla əvəzlənmişdir.
Əməkdar incəsənət xadimi, rejissor Vaqif Əsədov təftiş komissiyasının hesabat məruzəsi ilə çıxış etmişdir.
X X X
Konfransda təşkilat məsələlərinə baxılmışdır. Azərpaşa Neymətov yenidən Teatr Xadimləri İttifaqının sədri, Niyazi Aslanov və Rafiq Əliyev sədrin müavinləri seçilmişlər.
Konfransda Prezident Administrasiyası humanıtar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə çıxış etmişdir.