TƏBİB-in 2000-dən çox tibbi personalı təlimlərə cəlb edilib
Bakı, 20 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 orta tibb işçisi, 22 min 608 kiçik tibb işçisidir. 2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib.
Onun sözlərinə görə, tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000-dən çox personal təlimlərə cəlb edilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıqda “Təcili Tibbi Yardım” təlimləri təşkil edilib.
TƏBİB-in qarşısına qoyulan vəzifələrdən danışan V.Qurbanov qeyd edib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması əsas məqsədlərdən biridir: “Bu baxımdan tibb müəssisələrində yeni - keyfiyyətin idarə edilməsi üzrə ştat strukturunun yaradılması, müəssisələrdə göstərilən tibbi xidmətlərin keyfiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni bir addımdır. Hazırda tətbiq olunan keyfiyyət standartlarının qiymətləndirmə meyarları işlənib hazırlanıb ki, bu da gələcəkdə tibb müəssisələrinin keyfiyyət dinamikasını əyani olaraq izləməyə imkan verəcək.
Beynəlxalq əməkdaşlıq layihələrindən danışan V.Qurbanov bildirib ki, “Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Avropa İttifaqı, BTM-nin Əhali Fondu (UNFPA) və Dünya Bankı ilə ilkin səhiyyə və təcili tibbi yardım xidmətlərinin, eləcə də infeksion nəzarətin gücləndirilməsi, vaksinasiyaya dəstək, ana və uşaq sağlamlığına diqqətin artırılması və digər istiqamətlər üzrə müxtəlif layihələr icra olunur”.