TƏBİİ FƏLAKƏT BÖLGƏSİNDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
İmişli, 24 may (AZƏRTAC). Daşqından əziyyət çəkən rayonlarda Kürün daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir. Hazırda bəndbərkitmə işləri gücləndirilmişdir. Təhlükə yarana biləcək ərazilərdə aidiyyəti orqanların əməkdaşları fasiləsiz fəaliyyət göstərirlər.
Araz çayının İmişli rayonundan keçən hissəsindəki tarixi məcrası bərpa edilir. Hazırda “Azərkörpü” və “Azerenerji” Açıq Səhmdar cəmiyyətlərinin onlarca ağır texnikası hissələrə bölünərək tarixi məcraya qədər - uzunluğu 5 kilometr, eni 200 metr olan məsafədə dərinləşdirmə işləri aparır. Məcranın bərpası sayəsində Araz çayının suyunun bir hissəsi Biləsuvar və İmişli rayonlarının ərazisindən keçərək heç bir yaşayış məntəqəsinə ziyan vurmadan Qızılağac qoruğunun şimal hissəsindən Xəzər dənizinə axıdılacaqdır. Tarixi qolun bərpası həm Araz çayında suyun azalmasına, həm də İmişli və Biləsuvarın boş sahələrinin suvarma suyu ilə tam təmin edilməsinə səbəb olacaqdır.
Son məlumatlara görə, Hacıqabul rayonunun Birinci Meyniman kəndində bəndbərkitmə işləri davam etdirilir. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin, Daxili Qoşunların şəxsi heyəti, yüzlərlə texnika və kənd sakinləri çalışır.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun sözlərinə görə, bəndi yarmış su Hacıqabul gölünə istiqamətləndirilmişdir.
Daşqın baş verən rayonlarda Səhiyyə Nazirliyi tibbi və sanitar şəraiti tam nəzarətdə saxlayır.
Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində də sahil mühafizə bəndində bərkitmə işləri davam etdirilir.